Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdi. Təsadüfi deyil ki, 2 Fevral - Azərbaycan Gəncləri Günü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur. Gənclərin ailə-məişət problemlərinin həllini daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət ölkə gəncləri tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir.
31 yanvar 2023-cü ildə Xətai Rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ümummilli lider Heydər Əliyevin ideyaları gənclər siyasətinin əsasıdır” 2 Fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov və digər qonaqlar iştirak etmişdilər. Həmin tədbirdə “Məişət Maye Qaz” QSC-nin Layihə Konstruktor bürosunun layihəçi mühəndisi Emin Arif oğlu Rəhimov YAP Xətai rayon təşkilatının həyatında fəal iştirakına görə Fəxri fərman ilə təltif olunmuşdur.