"Məişət Maye Qaz" QSC üçün vətən amili hər şeydən üstündür.

 

 

         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırığa əsasən 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusu tərəfindən bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlamış və hərbi əməliyyatlar qısa müddətdə sürətlə alovlanaraq İkinci Qarabağ müharibəsinə çevrilmiş və sonda Azərbaycan Respublikasının qələbəsi ilə başa çatmışdır. Həmin dövrdə bütün Azərbaycan əhalisi bir yumruq kimi birləşərək həmrəylik nümayiş etdirmiş, gənclər, eləcə də yaşlı insanlar kütləvi şəkildə Səfərbərlik Xidmətlərinə axın edərək könüllü şəkildə müharibəyə getmək üçün müraciətlər etmişlər. Müharibə başlayan vaxt QSC-nin Kadrlar və əmək haqqı şöbəsinin nəzarətçi-gözətçisi Baxşəliyev Elşən Cavanşir oğlu, Teplovoz Parkının maşinist köməkçisi Xəlilov Elvin Rauf oğlu və Bakı Maye Qaz Doldurma Stansiyasının sürücüsü Əzizov Elyar İlqar oğlu müxtəlif vaxtlarda orduya çağırılaraq, döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərərək, torpaqların azad olunmasında əllərindən gələni əsirgəməmişlər.

 

       Müharibə getdiyi dövrdə "Məişət Maye Qaz" QSC yaranmış ümumi birliyə biganə qalmamış və öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, Ali Baş Komandan İlham Əliyev tərəfindən yaradılmış Silahlı Qüvvələrə dəstək fonduna sərbəst mənfəət hesabına 100.000 AZN məbləğində maddi yardım köçürmüşdür. Bundan əlavə QSC-nin rəhbərliyi Həmkarlar İttifaqı Komitəsinin birgə təşəbbüsü ilə cəbhədə olan əsgərlərə geyim və ərzaq yardımları göndərmişdir. Müharibədə iştirak etmiş SC-nin işçiləri Baxşəliyev Elşən Cavanşir oğlu, Xəlilov Elvin Rauf oğlu və Əzizov Elyar İlqar oğluna müharibədə olduqları zaman əmək haqları qanunvericiliyə uyğun olaraq ödənilmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra SC-də rəhbərliyin və kollektivin iştirakı ilə həmin işçilərlə yüksək səviyyədə görüş keçirilmiş, onların döyüş haqqında təfərrüatları dinlənilmiş, onlara göstərdikləri şücaətə görə təşəkkür edilmişdir. Eyni zamanda həmin işçilərə HİK-nin fondundan hər birinə 200 AZN məbləğində mükafat və SC tərəfindən bir aylıq əmək haqqı məbləğində maddi yardım ödənilmişdir.