• AZ
  • EN
  • RU
Digər Şəkillər

QAZ BALONLARININ İSTİSMARI ZAMANI TƏHLÜKƏSİZLİK QAYDALARI

Qaz balonlarının istismarı zamanı təhlükəsizlik qaydalarına riayət etməklə bədbəxt hadisələrin qarşısını almaq mümkündür. Yadda saxlamaq lazımdır ki, qaz balonlarından istifadə zamanı adi bir ehtiyatsızlıq və səhlənkarlıq partlayışa və yanğına səbəb ola bilər. Bu kimi halların aradan qaldırılması ilk öncə vətəndaşların özlərindən və onların nə dərəcədə təhlükəsizlik qaydalarına riayət etmələrindən asılıdır.

Müasir dövrümüzdə yeni tikilmiş və istismara qəbul olunmadan istifadə edilən bəzi çoxmərtəbəli binalar, həmçinin yataqxanalar və dağ kəndlərinin əhalisi gündəlik yanacağa olan tələbatlarını ödəmək məqsədilə maye qaz balonlarından istifadə edir. Lakin əhalinin çox hissəsi qaz balonlarının quraşdırılması və təhlükəsiz istifadə qaydalarına əməl etmirlər, bu da qaz sızmasına, bəzi hallarda isə partlayış və yanğına səbəb olur.

Qaz balonlarını istirahət otaqlarında, zirzəmilərdə və obyekt kimi istifadə olunan yarımzirzəmilərdə quraşdırmaq olmaz. Qaz balonlarının quraşdırılması bu sahənin mütəxəssislərinə həvalə edilməli, istifadəçi isə texniki təhlükəsizlik və istifadə qaydalarına əməl olunması barədə məlumatlandırılmalıdır.

Qaz balonu nədir?

Qaz balonunun içərisində 1,6 Mpa, yaxud 16 kqq/sm²-dən az olmayan təzyiqdə mayeləşdirilmiş halda propan-butan qaz qarışığı olur. Qaz balonlarından əsasən məişətdə əhalinin gündəlik tələbatını ödəmək məqsədilə istifadə olunur. Qaz balonları iki kateqoriyada: məişət qurğuları və avtomobillər üçün istehsal edilir.

Məişət qurğuları üçün istehsal edilən balonların parametrləri 

 

Həcmi, litr

5

12

27

50

Ölçüləri, mm

Hündürlüyü

Diametric

 

295

222

 

480

222

 

590

299

 

980

299

Balonun kütləsi, kq.

Boş

doldurulmuş

 

4

6

 

6

11

 

14,5

25,9

 

22

43,2

 

Qaz balonlarının quraşdırılması zamanı təhlükəsizlik qaydaları.

- Qaz balonu quraşdırarkən əsasən qaz cihazı olan otaqlarda yerləşdirilməlidir.

- Qaz balonu binanın xaricində yerləşdirildikdə isə balon qıfıllanan şkafda, yaxud balonun yuxarı hissəsini və reduktoru örtən qıfıllı örtüklə örtülməlidir.

- Reduktor qazın təzyiqini tənzim edən qurğudur. Reduktor həm binada, həm də binadan kənarda yerləşdirilən hər bir balonda quraşdırılmalıdır.

- Bir otaqda adətən tutumu 50 litrdən artıq olmayan bir balon və ya tutumu 27 litrdən artıq olmayan iki balonun qoyulmasına icazə verilir (onlardan biri ehtiyat üçün).

- Qaz balonu qoyulan otağın havasının temperaturu 45°C-dən artıq olmamalıdır.

- Qaz balonu və qaz borusu gün şüalarının birbaşa təsirindən qorunmalıdır.  

- Balon qaz cihazına şlanqla birləşdirilməli və bir hissədən ibarət olmaqla onun uzunluğu 10 metrdən artıq olmamalıdır.

Qaz balonları ilə davranış qaydaları.

 - Qaz balonlarına vaxtı-vaxtında texniki xidmət göstərilməlidir.

-  Qaz avadanlıqlarının təmirini yalnız ixtisaslı mütəxəssislər həyata keçirməlidir.

-  Yaxınlıqda alov, isti kömür, işlək vəziyyətdə elektrik cihazları varsa boşalmış qaz balonunu dolusu ilə əvəz etmək olmaz. Belə şəraitdə kranların bağlı vəziyyətdə olmasına əmin olmaq lazımdır. Onları dəyişdirdikdən sonra balonun birləşmə yerlərinin kipliyi sabundan hazırlanmış məhlul vasitəsilə yoxlanılmalıdır.

- Yemək hazırlayarkən qaz sızmasının baş verməməsi üçün qaynadılan məhlulun alova düşməsinə yol verməməli və işin sonunda balonun kranı bağlanmalıdır.

-  İstifadə olunmayan, doldurulmayan, eləcə də boş balonlar mənzildən kənarda saxlanılmalıdır.

Yadda saxlayın!

Əhali qaz balonlarından istifadə edərkən diqqətli olmalı, səhlənkarlığa yol verməməli, mütəxəssislərin məsləhətlərinə riayət etməlidirlər. Balonların dəyişdirilməsi elektrik cihazlarından və istilik mənbələrindən kənarda həyata keçirilməlidir. Balonları düzgün qaydada yaxşı ventilyasiya olunan yerdə, birbaşa düşən günəş şüalarından uzaqda, dolu balonları isə boş balonlardan ayrı saxlamaq lazımdır. İstifadə zamanı təhlükəsizlik, texniki norma və qaydalara əməl olunmalıdır.

FHN Fövqəladə Halların

Xəbərdar Edilməsi Baş İdarəsi